Maraqlı yerlər – Kanyo Kristales

Bloqumun oxucularının əksəriyyəti yəqin ki, yutub kanalımın olduğunu bilirlər. Yəqin ki, kanalımı da izləyiblər. Kanalıma yüklədiyim videoların bir hissəsi dünyanın müxtəlif, maraqlı, görməli, gəzməli yerləri haqqındadır. Qərara aldım ki, bloqumda da vaxtaşırı müvafiq mövzuda yazılar yazım. Beləliklə, bu mövzuda ilk yazım Kolumbiyadakı çaylardan biri olan Kanyo Kristales haqqındadır. Buyurun, oxuyun.

Rənglər çayı Kanyo Kristales

    Kolumbiyanın Meta departamentindəki çaylardan biri olan Kanyo Kristales çayı öz başlanğıcını Makarena dağ massivindən götürür. Bu çay Losada çayının sağ qoludur.

Kanyo Kristales. Mənbə: commons.wikimedia.org

    Rəngarəngliyi ilə digər çaylardan seçilən Kanyo Kristalesin çalarları əsasən 5 rəngdə olur. Bunlar - qırmızı, mavi, yaşıl, sarı və qaradır. Bu səbəbdən də onu adətən “Beşrəngli çay”, “Maye göy qurşağı”“Dünyanın ən gözəl çayı” adlandırırlar. Çaydakı qırmızı rəng bəzən bənövşəyi və ya çəhrayı rəng kimi də görünür. Yerli sakinlərin “Rənglər çayı” və ya “Cənnətdən qaçan axın” adlandırdıqları Kanyo Kristales ispan dilindən tərcümədə “Büllur çay” deməkdir. Maraqlısı budur ki, çayın rəngarəng çalarları yalnız yazın əvvəlindən payızın sonuna qədər davam edən quraqlıq mövsümündə görünür. Bunun əsas  səbəbi isə çayda yaşayan endemik yosun növü olan “Macarenia clavigera”nın fəaliyyəti ilə bağlıdır. Bu bitki çayın daha sürətli axdığı yerlərdə qayalara möhkəm yapışır. Rənglər həmin su bitkilərinin çoxalma prosesi zamanı istehsal olunur.

“Macarenia clavigera”. Mənbə: commons.wikimedia.org

    Kanyo Kristales çoxlu şəlalələri olan sürətli axan bir çaydır. Uzunluğu 100 km-dən çox deyil, eni isə 20 metrdir. Qayalı bir kanal boyunca axan bu çay bəzən narın bir yağış nəticəsində güclü bir dağ axınına çevrilə bilər. 

    Landşaftının gözəlliyi və təbiətin zənginliyinə görə bu mənzərəli çay YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu çay heç bir yaşayış məntəqəsinə yaxın deyil. Bu təbiət möcüzəsini görmək üçün, Makarenaya təyyarə ilə uçub, sonra qayıqla üzüb və nəhayət insan ayağı dəyməmiş sıx meşəlikdən keçərək gəlmək lazımdır.

    Rəngarəng çayın axdığı həmin ərazi Makarena dağ silsiləsinin ətəyində yerləşir. Dünyanın ən qədim dağlarından biri hesab olunan Makarena təxminən 1 milyon 200 min il əvvəl yaranmışdır. Kanyo Kristales çayının axdığı o ərazidə məşhur Serrania de la Makarena qoruğu da yerləşir. Həmin qoruq öz qeyri-adi flora və faunası ilə zəngindir. Orada  8 növ primat, 43 növ sürünən, 10 növ amfibiya və 420 növ quş yaşayır.

    Son illərdə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Kanyo Kristales çayının suyu distillə olunmuş su qədər təmizdir. Yüksək şəffaflığına görə çayın dibi bir metr dərinlikdən də görünür. Bu qeyri-adi çayın suyunda üzvi və mineral çirklər, duzlar, dibində isə lil yoxdur. Burada, həmçinin iri balıqlara da rast gəlinmir.

    Buraya bir dəfə baş çəkənlərdə unudulmaz təəssürat formalaşır. Bu sulara baş vurmaq, sanki yenidən dünyaya gəlmək deməkdir. Buraya səyahət qeyri-adi səssizlik, sükunət və yüngüllüklə müşayiət olunmaqla, problemlərdən, fikirdən, bir sözlə, dünyanın bütün qayğılarından uzaqlaşmağa şərait yaradır. Təsəvvür edin: insan nəfəsinin duyulmadığı, yalnız günəş və mavi səma; isti sürüşkən daşların hərəkəti, haradasa qayaların başında yuva quran qartal və rəngarəng suyu olan büllur çay – Kanyo Kristales – Dünyanın ən möhtəşəm təbiət möcüzələrindən biri.


P.S. Bu barədə TarPas kanalı üçün hazırladığım videoya baxa bilərsiniz:


Mənbə:

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?