Orta barmaq işarəsi və ya Türbulans Pro Max hekayəsi
Doğma kəndim Cek kəndi ilə bağlı olan bu hekayəni feysbuk dostum olan şair, yazıçı, publisist Əsəd Qaraqaplan yazıb. Çox bəyəndiyim üçün bloqumda paylaşmağı uyğun gördüm. Xınalığa çatmamış Cek kəndi var; yolu iki tərəfdən keçən bu kəndin girəcəyində bir uşaq dayanmışdı: 10-12 yaşlarında. Yanında da bir neçə qoyun-quzu. Bu ağappaq, qırmızıyanaq uşağı elə bil indicə başqa dünyadan – göy üzündən paraşütlə endirmişdilər. Dünyanın bu ucqar yerində hər kəsdən qaçmağa hazırlaşırmış kimi bir duruşu var idi. Sarı saçlarını elə bil qazan qapağı qoyub kəsmişdin; başı bir az da ağı soyulmuş soyutma yumurtaya oxşayırdı. Adəti üzrə – belə bir adət var axı, şəhərdən gələnlər özlərini sevimli göstərmək üçün ətrafdakılara, illah da uşaqlara salam verir, yeri gəldi-gəlmədi, yol soruşurlar – qabaq pəncərədən başımı çıxarıb ona salam verdim və anında aldığım reaksiya mənə qəşəng dərs oldu. Uşaq acıqla orta barmağını qaldırıb salamımı eləcə aldı. Sanki demək istədi ki, rədd ol get də yolunla, niyə mənə sa