Sizə şair dostumu təqdim edirəm

Sizə şair dostum təqdim edirəm. O, Anar Məcidzadədir.


Anar Məcidzadə heç də sıradan bir şair deyil, həm də publisistdir, jurnalistdir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, həm də dövlət qulluğunun kiçik müşaviridir, mənim həmkarımdır, eyni qurumda çalışırıq.

8 ildən çoxdur onunla tanış və dərhal da dost olmuşuq. Bir-birimizlə çoxlu zarafatlarımız var... Hətta deyərdim ki, onun yaradıcı fəaliyyətinin əsas tənqidçilərindən biriyəm.

Onunla dost olandan bəri onun dostları ilə də dostlaşmışam. Əgər "Dostluq zəncirinin möhkəmləndirilməsində xidmətlərinə görə" adlı bir mükafat olsaydı, inanın ki, o mükafatı qazanmağa ən layiqli namizədlərdən biri məhz dostum Anar Məcidzadə olardı.

Arada mən də şeir yazıram. Gah yazıram, gah da yazmıram. Konkret desək, ürəyim istəyəndə yazıram. Anar isə dayanmadan yazır; çünki onun ürəyi həmişə yazmaq istəyir. Beləcə yaza-yaza artıq 7-ci kitabı çap olunub. Amma 1998-ci ildən bədii yaradıcılıqla məşğul olan Anar indiyə qədər çap olunmuş 6 kitabının təqdimatını heç vaxt etməmişdir. Elə dost-tanışa paylayardı kitablarını...

7-ci kitabı olan "Sevgi yağışları"nı paylayanda dostlarımızdan biri - Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda şairimizin yeni şeirlər kitabının təqdimat mərasiminin keçirilməsi qərara alındı.

Təqdimat mərasimi noyabrın 1-də baş tutdu. Şairimizi əvvəllər öz aramızda zarafatla Moşu Göyəzənli ilə müqayisə edirdiksə, təqdimat mərasimində artıq bu dəfə dahilərlə müqayisə olunurdu... Artıq dostum sevilən şairə çevrilib. Şeirləri sevilir, özü sevilir. Hətta şeirlərinə mahnılar da bəstələnməyə başlayıb...

Bu təqdimat həm də Anar Məcidzadə yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır. İnanıram ki, onun məhsuldar fəaliyyəti Vətənimizə, xalqımıza, dövlətimizə əlavə dəyər yaradacaq. Çünki onun ruhunda, şeirlərinin ruhunda bu var. Çünki o yaradıcılığına qarşı çox həssasdır, məsuliyyətlidir, diqqətlidir. Ədəbi zövqünün formalaşması istiqamətində də daim inkişaf edir. Beləliklə, artıq onun poetik uğurlarının bünövrəsi qoyulub.

Təbriklər şair! Yeni kitabın çox mübarək dostum!


Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?