Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və din" ictimai fikir toplusunun 2021-ci ildə nəşr olunan 3-cü (ümumilikdə 70-ci) nömrəsinin 113-119-cu səhifələrində dərc edilmiş məqaləmi diqqətinizə çatdırıram.

Mənbə: Müəllifi olduğum ik iki fotonu özüm commons.wikimedia.org saytına yükləmişəm. Qrız məscidinin fotosunu isə AZƏRTAC-dan götürmüşəm. 


QUBANIN ƏN QƏDİM MƏSCİDLƏRİ -

ƏBU MÜSLİM MƏSCİDLƏRİNİN TARİXİNƏ

DAİR MÜLAHİZƏLƏR

Tərxan PAŞAZADƏ,

tədqiqatçı,

cekli829@gmail.com

AÇAR SÖZLƏR: Əbu Müslim məscidi, Xınalıq, Qrız, Cek, İslam.

КЛЮЧЕВЫЕ СЛОВА: Мечеть Абу Муслим, Хыналыг, Гриз, Джек, Ислам.

KEY WORDS: Abu Muslim Mosque, Khinalig, Gryz, Jek, Islam.


Giriş

Azərbaycan Respublikasının Quba rayonu füsunkar təbiətə, etnik-dini baxımdan rəngarəngliyə malik olmaqla yanaşı, tarixi abidələri ilə də zəngindir. Belə tarixi abidələr sırasında dini məkanların özünəməxsus yeri vardır. Tarix boyu müxtəlif dinlərin təəssübkeşləri Quba torpağında tolerantlıq ənənələrini formalaşdırmış, onu qoruyub, saxlamışlar. Bu yerlərin İslam dininə bağlılığından xəbər verən ən qədim məkanlar isə Əbu Müslim məscidləridir. Bu məscidlər dövrümüzə qədər tam şəkildə gəlib çatmasalar da, Qubanın ən qədim məscidlərindən sayılır, o cümlədən eyni dövrdə tikilmiş Şamaxıdakı Cümə məscidi [1, s.22] ilə birlikdə Azərbaycan Respublikasının ərazisindəki ən qədim məscidlər sırasındadırlar. Bütün bunlar ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu göstərməklə yanaşı, İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında xüsusi çəkisi olduğunu sübut edir.

Hazırda Quba rayonunun üç kəndində – Cek, Qrız və Xınalıq kəndlərində Əbu Müslim adlı məscidlər var. Müxtəlif mənbələrdə onların adı “Əbu Müslüm”, “Aba Müslim / Müslüm”, “Abu Müslim / Müslüm” və başqa formalarda çəkilir. Bu məscidlərin inşa olunma dövrü VIII əsrə – İslam dünyasındakı Əbu Müslimlərdən ən məşhurunun hakimiyyət illərinə və yaxud bir qədər sonraya təsadüf edir. Heç şübhəsiz, bu məscidlərin tikilməsinin başlıca səbəbi İslam dinini yerli əhali arasında yaymaq olub. Ümumilikdə isə bu məscidlərin ilk tikilmə tarixinin Əbu Müslim əl-Xorasaninin bu ərazilərə ilk gəldiyi – 740-cı illər olduğunu qəbul etmək olar.


Əbu Müslim kimdir?

Bəzi mənbələrdə 700, bəzi mənbələrdə isə 718-ci ildə tarixi Xorasan bölgəsinin Bəlx (indiki Əfqanıstan ərazisinin şimalında yerləşir) və ya Mərv şəhərində (indiki Türkmənistan ərazisində yerləşir) anadan olduğu qeyd edilən Əbu Müslimin Əməvilər xilafətinin xəlifəsi əl-Validin qardaşı olduğu bildirilir. Abbasilər xilafətinin banisi Abbasın da məşhur sərkərdəsi olmuş Əbu Müslim əl-Xorasani VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yaymış, Azərbaycanın hakimi olmuşdur. Ehtimal olunur ki, Qafqaz xalqlarının bəzilərinin İslamı qəbul etməsi məhz onun adı ilə bağlıdır. Çox güman, ceklilər, qrızlılar və xınalıqlılar, həmçinin digər Şahdağ xalqları – buduqlular, əliklilər, haputlular və yergüclülər də məhz Əbu Müslimin zamanında İslam dinini qəbul etmişlər. Əbu Müslimin bu məscidləri tikdirməsinin əsas səbəbi də yerli əhali arasında İslam dinini yaymaq olmuşdur. Əbu Müslimin rəhbərlik etdiyi qüvvələr Əməviləri devirib, hakimiyyətə Abbasiləri gətirmişdilər. Lakin Abbasilər Əbu Müslimin xalq kütlələri arasında olan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirmiş, 755-ci ilin fevral ayında xəlifə əl-Mənsurun əmri ilə edam etmişlər. Əbu Müslimin öldürülməsi Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb olmuşdur... Vurğulamaq lazımdır ki, bəzi mənbələrdə Əbu Müslim əl-Xorasaninin həm də Xürrəmilər hərəkatının görkəmli rəhbəri Babəkin babası olduğu qeyd edilir. Belə ki, ədDinəvəriyə görə, Babəkin soyu Əbu Müslimin qızı Fatimənin oğlu Mutahhara gedib çıxır [2, s.367]. Mənbələrdə söylənilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, Babək və tərəfdarları öz ideya və görüşləri baxımından Əbu Müslim üsyanının davamçıları idilər. Əbu Müslimin ideyalarının kökündə isə Zərdüştilik elementləri var idi. Qeyd edək ki, başda İren Məlikova olmaqla bir sıra Qərb tarixçiləri Əbu Müslimin türk soylu olduğunu bildirmişlər [3, s.26]. Belə ki, İren Məlikova onun türk-oğuz soyuna mənsub olduğuna dair mülahizələr irəli sürmüşdür [4, s.28].

Məqalənin girişində “İslam dünyasındakı Əbu Müslimlərdən ən məşhuru” ifadəsini işlətmişdik və onun kimliyi barədə qısaca, ümumiləşdirmiş məlumat vermişdik. Çünki Əbu Müslim məscidlərinin tikilməsini şahdağlıların əksəriyyəti bilavasitə Əbu Müslim əl-Xorasani ilə əlaqələndirir. Həmçinin bu barədə olan mənbələrin əksəriyyətində də müvafiq məlumatlara rast gəlinir.

Lakin bəzi mənbələrdə iddia olunur ki, müvafiq məscidlər Əbu Müslim əl-Xorasaninin adı ilə bağlı deyil. Hətta həmin məscidlərin VIII əsrdə deyil, daha əvvəl – VII əsrdə tikilməsi barədə məlumatlar var. Qeyd edilir ki, bölgə xalqı tərəfindən şeyx hesab edilən Əbu Müslim Xorasandan deyil, başqa Əbu Müslimdir və onun həyatı, şəxsiyyəti haqqında demək olar ki, ətraflı məlumat dövrümüzə gəlib çatmamışdır. Ancaq həmin mənbələrdən o da anlaşılır ki, ilk dəfə İslam dinini Qafqazda yaymağa çalışaraq, bu işdə müvəffəqiyyətli olan şəxs məhz Əbu Müslim adlı müsəlman olmuşdur. Həmçinin onun döyüşçü deyil, İslam dinini yayan mürşid olduğu vurğulanır. Bəzi mənbələrə görə isə Əbu Müslim İslam dinini yaymaq üçün ordunun tərkibində buralara gəlmiş Şeyx Yusif adlı bir mürşidin oğludur [5, s.36-37; 6, s.28]. Başqa bir rəvayətə görə isə Əbu Müslim Şahdağ platosunda yerləşən yaşayış məskənlərinə Qazi-Qumuqdan (indiki Rusiya Federasiyası Dağıstan Respublikasının Lak rayonu ərazisində yerləşən Qumuq kəndi) gəlmiş; missiyasını bitirdikdən sonra isə çeçenlərin məmləkətinə getmiş və orada şəhid olmuşdur; türbəsi də Dağıstanın Xunzax rayonu ərazisində yerləşən eyniadlı – Xunzax kəndindədir. Maraqlıdır ki, o, hələ sağ ikən özü üçün məzar daşı hazırlatmışdır və inanılır ki, həmin məzar daşı hazırda Qumuq kəndində olan böyük məsciddədir. Bu səbəbdən də qumuqlular iddia edirlər ki, Əbu Müslim məhz Qumuq kəndində dəfn edilib [7, s.80].

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə Mərkəzinin saytında olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu haqqındakı məlumatda başqa bir Əbu Müslimdən, daha doğrusu, Abu Müslümdən bəhs olunur. Belə ki, həmin məlumata görə VIII əsrdə xınalıqlılar Dərbənd hakiminin qardaşı Abu Müslüm vasitəsilə İslam dinini qəbul ediblər. Xınalıqda ən qədim məscid də elə Abu Müslümün tapşırığına əsasən tikilib [8]. Əbu Müslim məscidlərinin tarixən tikildiyi ərazidə müşahidə apardıqda, onların necə möhtəşəm memarlıq abidələri olduğunu görmək mümkündür. Maraqlıdır ki, arxitektura cəhətdən, həm də tərtibat elementlərinə görə bu inanc yerləri ənənəvi məscidlərdən fərqlidir və özlərində islamaqədərki qədim inancların da elementlərini daşıyırlar. Bu məscidlərin hər üçü bir-birinin bənzəri olaraq, eyni arxitektur quruluşa malik olub, hamısı kəndlərin əsasən ən hündür yerində və günçıxan tərəfdə tikilib. Məlumdur ki, Qafqaz Albaniyası dövründə albanlar da qədim Ay və Günəş məbədlərini yüksəkliklərdə, dağın təpəsində inşa edirdilər [9]. Müvafiq kəndlərdə ən erkən islami ibadət yeri sayılan bu məscidlərin ərazisində geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatlarının aparılması əhəmiyyətli olardı. Əgər onlar tədqiq edilərsə, Azərbaycanda İslam memarlığının, eyni zamanda milli memarlığımızın bir sıra nüansları üzə çıxarıla bilər. Tarixin sınaqlarından dəfələrlə üzüağ çıxmış bu məscidlər, təəssüf ki, Sovet hakimiyyəti dövründə təyinatı üzrə istifadə olunmamış, ya dağıdılmış, ya da baxımsız vəziyyətə düşmüşlər.


Cek kəndindəki Əbu Müslim məscidi

Cek kəndindəki eyniadlı məscid Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilmişdir [10, s.37]. Məscidin dağıdılma tarixi bizə tam bəlli deyil. Ancaq Cek kəndində məktəb binasının 1928-ci ildə tikildiyi bizə məlum olduğu üçün çox güman, məscid də ya həmin il, ya da bir qədər əvvəl dağıdılmışdır. Lakin elə Sovet hakimiyyətinin son illərində – daha dəqiq desək, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə məscid qismən bərpa edilmişdir [11]. Təəssüf ki, maddi çətinliklər üzündən onun inşası hələ də lazımı səviyyədə tamamlanmamışdır [12]. Hazırda məscidin istifadəyə yararlı olan sahəsi çox kiçik – cəmi 16 kvadratmetr, mövcud tutumu isə 16 nəfərlik [13, s.15] olsa da, buralara gələn yerli və xarici turistlər məscidi ziyarət edir, müsəlman qonaqlar burada namaz qılaraq ibadət edirlər. Bir sıra mülahizələrə əsasən, İslamdan əvvəl bu məscidin ərazisində ceklilərin sitayiş etdikləri qədim dinlərə aid başqa məbəd olub. Onun tikilmə tarixinin bizim eradan əvvəlki dövrlərə aid olduğu ehtimal edilir. İslamdan əvvəl onun müxtəlif vaxtlarda həm atəşpərəstlərin, həm də Aya sitayiş edənlərin məbədi olması barədə də iddialar var. Sıldırım qayaların üzərində inşa edilmiş bu tikilinin üzərində olan ornamentlərdə Qafqaz Albaniyası xalqlarının hələ Xristianlıqdan öncə tapındıqları Ay və Günəş kultuna aid sakral işarələrə rast gəlinir. Bizə o da məlumdur ki, ceklilər qədimdə Qoq adlı tanrıya sitayiş ediblər. Bəlkə də Əbu Müslim məscidinin tikildiyi yerdə qədim zamanlarda Tanrı Qoqa sitayiş edənlərin məbədi olub...


Qrız kəndindəki Əbu Müslim məscidi

Qrız kəndindəki eyniadlı məscidin mövcud vəziyyəti isə daha ağırdır. Ciddi dağıntılara məruz qalaraq məhv olmaq təhlükəsi ilə üzləşən Əbu Müslim məscidi hazırda istifadəyə tamamilə yararsız vəziyyətdədir [14]. Məscidin qalıqları arasında divarları, mehrabı, kitabələri, üzərində yazılar və müxtəlif formalı naxışlar olan qədim tarixə malik bəzi ağac sütunlar dövrümüzə qədər dağınıq formada da olsa, gəlib çatmışdır. Bir versiyaya görə, ağac sütunların üzərindəki simvolların anlamı “Xilafətin doğurduğu günəş” mənasındadır. Təəssüf ki, zaman keçdikcə məscidin qalıqlarının da məhvolma prosesi sürətlənməkdədir.


Xınalıq kəndindəki Əbu Müslim məscidi

Xınalıq kəndindəki eyniadlı məscid isə digər iki məscidlə – Cek və Qrız kəndlərindəki Əbu Müslim məscidləri ilə müqayisədə daha şanslı hesab edilə bilər. Belə ki, kənd sakinləri SSRİ dövründə qış fəsli üçün yığdıqları azuqələrini bu məsciddə topalayıb saxlayaraq, ondan anbar kimi istifadə etmiş, nəticədə də onun dağıdılmasının qarşısını almışlar. Sovet hakimiyyətinin son illərində isə yerli əhali tərəfindən məscid əvvəlki halına gətirilmiş, təyinatı üzrə istifadə edilmişdir. 2012-2013-cü illərdə Azərbaycan dövləti tərəfindən bərpa-konservasiya işləri həyata keçirilərək, məscid əsaslı şəkildə təmir olunmuşdur. Əbu Müslim məscidi hazırda kəndin əsas cümə məscididir [15]. Xınalıq kəndinin ən yüksək yerində yerləşən bu məscidin hazırda istifadəyə yararlı olan sahəsi 340 kvadratmetr, tutumu isə 340 nəfərlikdir. Kənd camaatı orada cümə namazlarını qılır; həmçinin kəndə gələn yerli və xarici müsəlman turistlər bu məscidi ziyarət edərək, burada yerli sakinlərlə birlikdə namaz qılırlar. Lakin məsciddə yalnız kişilər ibadət edə bilirlər və qadınların namaz qılması üçün orada ayrıca yer yoxdur [16]. Qeyd edim ki, Xınalıqdakı Əbu Müslim məscidi çox maraqlı formada tikilib. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən iki müxtəlif daş üzərində Avropanın və Şərqi Asiyanın qədim yazı növü olan “runa” yazıları həkk olunub. Məscidin içərisində iki böyük sütun yerləşir. Məscidin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilib [17]. Alimlərin fikrincə, bu sütunların tarixi məscidin tarixindən də qədimdir. Sütunlardakı yazıların hətta İslamdan əvvəlki dövrə aid olduğu, təqribən III-VIII əsrlər arasında yazıldığı ehtimal olunur [15]. Bu yazıların tərcüməsi bizə tam bəlli olmasa da, bəzi versiyalara görə, təxminən “günəşin doğması” və yaxud “yeni tarixin başlanması” mənasını daşıyır. Bəzi xınalıqlıların dediklərinə görə, Əbu Müslim məscidi bu kənddə tikilməmişdən əvvəl həmin yerdə dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik məbədi olub ki, onun da tarixi eradan əvvələ aid edilir. Bu məscidin içərisindəki tacşəkilli qədim taxta sütunların üzərində olan günəş rəmzlərinin təsvirləri də buranın vaxtilə Günəş məbədi olması fikrini gücləndirir [9].


Qanunvericilik bazası

Bu məscidlərin heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş tarix və mədəniyyət abidələrinin siyahılarında göstərilməmişdir. Azərbaycan Respublikasının qanunvericilik bazasında yalnız iki sənəddə - “Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli Sərəncamında və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda Xınalıqdakı Əbu Müslim məscidinin adı çəkilir.


Nəticə

Əbu Müslim məscidlərindən hansının daha əvvəl tikildiyi bizə bəlli olmasa da, onlardan sonra bu kəndlərdə müxtəlif vaxtlarda başqa məscidlər də inşa edilmişdir. Əsasən evə bənzəyən və minarələri olmayan həmin məscidlər memarlıq quruluşuna görə Əbu Müslim məscidlərindən fərqlənir. Digər bir cəhət isə Əbu Müslim məscidlərinin tikildiyi ərazilərin qədim zamanlardan inanc yeri olmasıdır. Lakin orada İslamdan əvvəl mövcud olmuş ibadətgahlar haqqında bizə heç bir dəqiq məlumat gəlib çatmamışdır. Ona görə də bu istiqamətlərdə araşdırmaların aparılması düşünürük ki, səmərəli nəticələr verə bilər.


ƏDƏBİYYAT

1. Tərxan Paşazadə. Azərbaycanda dini turizm. Bakı: 2018.

2. Əd-Dinəvəri. Əl-əxbəru-t-Tival. Beyrut: “Əl-Kitab”.

3. Irène Mélikoff. Abu Muslim, le “Portre-Hache” du Khorassan dans la tradition épique Turco-Iraienne. Paris: Librairie D’amerigue et D’obient, 1962.

4. Həyat Şamıyeva. “Xürrəmilərin dini inanc və ayinləri, qadına münasibət” // “Tarix və onun problemləri”, № 4, 2009, səh. 26-32. / arxiv linki: https://archive.is/WQHX5

5. Mehmet Rıhtım, “IX-XIX. Asırlar Azerbaycan Kültür Tarihinde Tasavvufi Hareketler” // Avrasya etüdleri, № 35, 2009-1 səh. 33-60. / arxiv linki: https://archive.is/5uI7Z

6. Cafer Barlas. “Kafkasya Özgürlük Mücadelesi”. İstanbul: İnsan Yayınları, 1999.

7. Tərxan Paşazadə, “Qubanın ən qədim Əbu Muslim məscidləri” // “İlahiyyat” elmipublisistik jurnalı, № 3, dekabr 2020, səh. 80-81.

8. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin saytında olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu haqqında məlumat / arxiv linki: https://archive.is/9wTm8

9. “Şahdağ xalqları”, multikulturalizm.gov.az, 06.09.2019 / arxiv linki: https://archive.is/i9G3G

10. Tərxan Paşazadə, “Azərbaycanın milli etnik nümayəndələri – ceklilər” // “Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri”, № 1, Bakı, “Müəllim” nəşriyyatı, 2009, səh. 37.

11. Ağalar İdrisoğlu, “Cek kəndinin ağsaqqalı-Şixəli kişi” // “Azad Azərbaycan” qəzeti, Bakı, 3 iyul 2005, № 98 (856), səh. 7.

12. Əlhəddin Cekli və Tərxan Paşazadə, “Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!” // “Kamal” jurnalı, № 3 (7), iyun 2010, səh. 44-48.

13. Tərxan Paşazadə, “Əbu Müslim məscidi” // “Cəmiyyət və Din” qəzeti, 8-14 avqust 2013, № 29 (215), səh. 9, 15.

14. Tərxan Paşazadə, “Quba əhalisi məhz onun vaxtında İslam dinini qəbul etmişdi” // “168 saat” qəzeti, 29 avqust – 5 sentyabr 2019, № 22 (698), səh. 5.

16. Fuad Hüseynzadə. “Nuhdan qalan dilin daşıyıcıları” // “Paritet” qəzeti, 26 noyabr 2010 / arxiv linki: https://archive.is/71f1m

17. Leyla Abdullayeva. “Xilafət sərkərdəsinin Azərbaycanda “parlatdığı günəş” və ya yeni tarixin başlanğıcı” // 23.04.2019 / arxiv linki: https://archive.is/btJAT

18. “Xınalıq” məqaləsi, Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı: 1987, səh. 89.


Тархан Пашазаде

СТАРЕЙШИЕ МЕЧЕТИ ГУБЫ - CООБРАЖЕНИЯ ОБ

ИСТОРИИ МЕЧЕТЕЙ АБУ-МУСЛИМА

РЕЗЮМЕ

В этнически и религиозно разнообразном Губинском районе, свидетельствующих о приверженности исламу как одними из старейших мест следует особо отметить мечети Абу-Муслима. Помимо того, что мечети Абу Муслима - это не только самые старые мечети в Губе, но и одна из старейших мечетей на территории Азербайджанской Республики.

В настоящее время мечети имени Абу Муслима расположены в трех селах Губинского района - Джек, Грыз и Хыналыг. Считается, что эти мечети были построены известным полководцем в исламском мире Абу Муслимом аль-Хорасани в первой половине VIII века. Говорят, что в то время этот полководец был правителем Азербайджана. В этой статье вы ознакомитесь о личности Абу Муслима, а также сможете получить информацию об одноименных мечетях в селах Джек, Грыз и Хыналыг.


Tarkhan Pashazade

ANCIENT MOSQUES OF GUBA REGION - REMARKS ON

THE HISTORY OF ABU MUSLIM MOSQUES

SUMMARY

The Abu Muslim Mosque is one of the oldest sacred places in the ethnically and religiously diverse Guba region that testifies to the commitment to the Religion of Islam. Abu Muslim mosques are not only the oldest mosques in Guba, but also one of the oldest mosques in the territory of the Republic of Azerbaijan.

At present, there are mosques named after Abu Muslim in three villages of Guba region - Jek, Gryz and Khinalig. Their construction dates back to the first half of the VIII century, the years of the reign of the most famous of the Abu Muslims in the Islamic world, or a little later. In this article, you will learn about the identity of Abu Muslim, as well as information on the mosques of the same name in the villages of Jek, Gryz and Khinalig.

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?