Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Sabah - 14 noyabr 2021-ci ildə Azərbaycanda Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini keçiriləcək. Müsabiqə ölkəmizdə Azərbaycan Respublikasının Təhsil Institutu tərəfindən təşkil edilir.
Azərbaycan, rus və ingilis dillərində keçiriləcək müsabiqə 90 dəqiqə davam edəcək. 1, 2 və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN-dir. Qeydiyyat artıq başa çatıb. Belə ki, qeydiyyat Azərbaycan Respublikasının Təhsil Institutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 11 oktyabr - 1 noyabr aralığında onlayn aparılıb.
Qeyd edim ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqədir.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən bəri hər il mərkəzi Fransada olan Sərhədsiz Kenquru Assosiasiyasının (Association Kangourou Sans Frontières) razılığı ilə ildə bir dəfə olmaqla keçirilir. Müsabiqənin keçirildiyi məkanlar dünyanın 80-dən çox ölkəsini əhatə edir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi ümumi təhsil müəssisələrinin II-X siniflərində oxuyan istedadlı şagirdləri aşkar etmək, onların elmi potensiallarının inkişaf etdirmək, biliklərini yoxlamaq və şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.
Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığının, həmçinin hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox, məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, qarşısındakı sualları cavablaya bilsin.
Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir. Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan II-X sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqının ödənilməsi şərti ilə könüllülük prinsipi daşıyır. Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının da təşkilatçı və idarəçiləri arasında təmsil olunurlar. Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün müxtəlif ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər. Qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə - asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə adətən dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsində təşkil edilir. Müsabiqədə verilən suallar məntiq əsaslıdır.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin bütün iştirakçılarına uğurlar arzu edirəm!
P.S. Qeyd edim ki, bu mövzuda 2018-ci ildə video hazırlamışdım. Həmin videoya bu linkdən baxa bilərsiniz: https://youtu.be/UInCvonooH0
Əla videodu!!
YanıtlaSilƏla videodu!
YanıtlaSil