Dorper qoyunu
Xeyli vaxtdır ki, qoyun cinsləri ilə maraqlanıram. Müvafiq sahədə fərdi araşdırmalar aparıram. Qərara gəldim ki, araşdırmalarımın bəzilərini sizlərə video olaraq təqdim edim. Ona görə də bu videonu hazırladım. Hazırladığım bu video Dorper qoyunu haqqındadır.
Dorper qoyunu
Çoxlu
üstünlükləri olan Dorper qoyunu,
Cənubi Afrikada inkişaf etdirilmiş bir qoyun cinsidir və dünyada geniş şəkildə
tanınır. Bu qoyun cinsi yüksək ət keyfiyyəti, iqlimə uyğunlaşma qabiliyyəti və
asan bəslənməsi ilə məşhurdur. Əsas üstünlüyü isə
güclü immunitetidir. Demək olar ki, qoyunçuluq sahəsində bilinən heç bir
xəstəliyə tutulmur. Dorperlər dünyada ən
sürətli çoxala bilən və sürətlə böyüyən qoyun cinslərindən biridir.
Tarixi
Dorper
qoyunu 1930-cu illərdə Cənubi Afrikada yaradılıb. “Dorset Horn” cinsli İngiltərə qoyunu ilə “Persian Blekhed” cinsli İran qoyununun cütləşməsi
nəticəsində əldə edilən Dorper qoyunu, Afrika şəraitinə uyğunlaşdırılmaq üçün
xüsusi seçilmişdir. Adını da bu iki irqin adının ilk hecasından götürmüşdür.
Bir sıra başqa qoyun cinslərinin, xüsusilə də “Van Rooy” kimi digər cinslərin
də Dorper cinsinin inkişafına töhfə verdiyi güman edilir.
Məqsəd
yüksək keyfiyyətli ət verən və sərt iqlim şəraitinə dözümlü bir qoyun cinsi
yaratmaq idi. Nəticədə bu qoyunlar Cənubi Afrikanın geniş quraq bölgələrində
yaşamaq üçün yaxşı uyğunlaşdırılmışdır. 1950-ci illərdə rəsmi olaraq irq adını
almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. Mələzləşmənin uğurlu aparılması nəticəsində onlar
Afrikanın +60 dərəcə istisində və ya Rusiyanın -30 dərəcə soyuğunda rahat
yaşaya bilirlər. Heyvandarlar bildirirlər ki, bu qoyunlar qulluq
xərclərinin az olması, iqlim amillərinə tez adaptasiya olması baxımından çox
əlverişlidir.
Dorper
qoyunu ortaboyludur. İrqi quyruqsuz
qoyun irqlərinə aiddir. Doğrudur,
Dorper qoyunlarının quyruqları var. Lakin quyruqları digər qoyun cinslərinə
nisbətən qısadır və yığcamdır. Quyruq, Dorper qoyunlarının bədəninin harmonik
quruluşunu tamamlayır və onların sağlamlığına və hərəkət qabiliyyətinə təsir
göstərmir. Quyruqlar həmçinin, bu cinsin ətdə yağ toplama xüsusiyyətlərini əks
etdirir, lakin bu yağ, quyruq ətrafında çox cəmlənmir. Bu, onların xüsusilə
yağsız və yüksək keyfiyyətli ət vermə xüsusiyyətlərindən irəli gəlir.
Xarici
əlamətlərinə görə iki növü vardır: Bir növünün baş və boyun hissəsi qara, bədən
hissə isə ağ rəngdədir. Digər növü isə bütövlükdə ağ rənglidir. O 1964-cü ildə
Cənubi Afrikanın Dorper Yetiştiriciləri Assosiasiyası tərəfindən rəsmi olaraq
tanınıb, lakin ağ qoyunların sayı Qarabaş Doperlərdən daha az – ümumi dorperlərin
təxminən dörddə birindən də azdır. Hər iki növ buynuzsuzdur, lakin bəzən bəzi
erkəklərinin kiçik buynuzları ola bilər. Performans baxımından bu iki növ
arasında heç bir fərq yoxdur.
Dorperlər
bir sıra göstəricilərinə görə, digər qoyun növlərini xeyli üstələyirlər. Ona
görə də bu cinsə böyük tələbat var. Dorper qoyunlarının başlıca xüsusiyyətləri
bunlardır:
Başlıca
xüsusiyyətləri
1. İqlimə uyğunluq: Dorper qoyunları geniş
iqlim şəraitinə uyğunlaşma qabiliyyətinə malikdir. İsti və quru iqlimlərdə,
həmçinin soyuq və rütubətli bölgələrdə yaxşı yaşaya bilirlər, sağ qalmağı
bacarırlar. Bu, onların müxtəlif bölgələrdə saxlanılmağını uyğun edir.
2. Asan bəslənmə: Dorper qoyunları minimal
qayğı ilə saxlanıla bilər. Onlar müxtəlif yem şəraitinə uyğunlaşa bilirlər və
geniş otlaq sahələrində yaxşı inkişaf edirlər. Bu səbəbdən onların
saxlanılmasına daha az xərc kifayətdir.
Yemlənməsindən asılı olmayaraq hərəkətlərini artıraraq ya da passivliyi ilə
çəki artırırlar. Dorperlər yeməyə qarşı kaprizli deyillər, hətta ən kasad
otlaqlarda da yemləni bilirlər.
Dorper
çobanı incitmir, keçi kimi, dağa daşa çıxıb, özünə yem axtarandı. Amma
yüksəkliklərə çıxıb yıxılma ehtimalı da var. Qışda qarı eşələyib, yarpaq, ot,
kök, hətta ağac qabığı və kol kimi nə tapsa yeyəcək. Onlar istənilən otlaq şəraitinə
uyğunlaşır, sərt iqlim şəraitində belə rahatlıq tapa bilirlər.
3. Tez çoxalma: Dorper qoyunları yüksək
çoxalma qabiliyyətinə malikdir. Əsasən ildə iki dəfə doğmaqla, sürətli çoxalırlar. Bu amil sürünün də sürətlə
artmasına imkan verir. Adi qoyundan fərqli olaraq
artıq 5-6-cı aylarında cütləşməyə hazır olurlar. Hər dəfəsində normalda 2-3,
hərdən 4-5 quzu doğulur. Ana qoyunlar qayğıkeşdir. Onun analıq hissləri çox
inkişaf edib, quzularına yaxşı qulluq edir. Bu səbəbdən körpə quzular arasında ölümləri
daha az olur. Balaları da xüsusi qulluq tələb etmir. Balalar sürətlə boy atır.
Doğulandan sonra quzular gündə 700 qrama qədər çəki artırır. Doğulanda
təxminən 1,5-2 kq olan quzular sürətlə çəki yığaraq 100-cü
gününə qədər 20-30 kiloqrama, 12 aylığında isə 70–80 kiloqrama, bəzən
isə 90 kiloqrama çatır.
4. Ət məhsuldarlığı: Dorper qoyunları
yüksək keyfiyyətli ət verirlər. Ətləri yağsız, ləzzətli və çox yumşaq olur. Bu
cins ət məhsuldarlığı baxımından çox məhsuldardır və bazarda böyük tələbat
görür. Əti dietikdir, xolestirini çox azdır, piy
təbəqəsi də bədənə bərabər paylanır. Bu səbəbdən adi qoyun ətindən baha
satılır. Dorper qoyunlarının ətindən
bildiyimiz ənənəvi qoyun iyi də gəlmir.
Dişi qoyunun
diri ağırlığı 100 kq, qoçların isə diri ağırlığı 120–130 kq və daha artıq ola
bilir. Kəsəndə qoyunun 80%-i ətdən ibarət olur.
Çünki sümüyü nazikdir. Amma möhkəm bədən əzələlərinə malikdir. Özü də bu
cinsdə əzələlər yayılmış şəkildə olduğuna görə, bu onların ətinin keyfiyyətinə
müsbət təsir edir.
5. Keyfiyyətli dəri: Dorperin əsas üstünlüklərindən
biri də onun yüksək keyfiyyətli qalın dərisidir. Bu cəhətdən dorperlər həm də dərilik sortdur. Dərisi bərabər qalınlıqda olur və
sərt iqlimlərdə qoyunları yaxşı qoruyur.
Dəridə düyünlər və qırışlar olmadığı üçün dorper dərisi rahat emal olunur və buna görə yüksək qiymətləndirilərək, baha
satılır. Dorper dərisi dünyada ən çox tələb olunan qoyun dərisidir. “Cape
Glovers” adı ilə satılır və dəri sənayesində çox məşhurdur. Xüsusilə dəri
əlcəklərin hazırlanmasında istifadə olunur. Dəri satışından əldə olunan vəsait
Cənubi Afrikada gəlirin yüksək faizini təşkil edir.
6. Xəstəliklərə qarşı dayanıqlılıq: Bu
qoyunlar bir çox xəstəliklərə qarşı təbii müqavimət göstərirlər. Xüsusilə də
parazitar xəstəliklərə qarşı çox dözümlüdürlər. Bu da onların sağlam və
uzunömürlü olmalarına şərait yaratmaqla, saxlanılmasını asanlaşdırır.
Qoyunçuluq
təsərrüfatlarında onun ömrü 8 ildir, lakin ev heyvanı kimi saxlanıldıqda ömrü
12 ilə də çata bilər.
Gələcək
üçün əhəmiyyəti
Dorper qoyunlarının sadaladığım
üstünlükləri onların dünya miqyasında populyar olmasına səbəb olmuşdur. Ona görə
də bir çox ölkələrdə geniş şəkildə yetişdirilir. Baş sayına görə ən çox Cənubi Afrika
Respublikasındadır; Cənubi Afrikada ikinci ən populyar qoyun cinsidir. Statistik
məlumatlara əsasən orada 7 milyon baş dorper cinsli qoyun saxlanılır. Avstraliyada
isə Dorper quraq və tropik ərazilərdə, eləcə də yüksək yağışlı cənub
ştatlarında yetişdirilir və Tasmaniyanın həddindən artıq soyuq və rütubətli şəraitinə
yaxşı uyğunlaşmışdır. Proqnozlara görə, yaxın illərdə ətlik məqsədi ilə digər
ölkələrdə də yayılacaq. Artıq dünyanın əksər ölkələrində əhalinin ətə olan təlabatının
təmin edilməsi üçün baş sayı artırılır. Yüksək məhsuldarlığı və az qayğı tələb
etməsi onları fermerlər üçün cəlbedici edir. Dorper qoyunları ət məhsuldarlığı
üçün yetişdirildiyinə görə
onların yüksək keyfiyyətli əti həm yerli, həm də beynəlxalq bazarlarda böyük tələbat
görür. Həmçinin yeni qoyun irqlərinin
yaradılmasında da dorperdən istifadə qoyunçuluq sahəsində prioritet
məsələlərdən biridir. Məsələn, əldə etdiyim məlumata görə dorper digər Afrika
cinsi olan Damara ilə çarpazlaşaraq Damper cinsini yaratmaq üçün də istifadə
edilmişdir.
Xüsusi qeyd
Diqqətinizə çatdırım ki, dorper qoyununu saxlamaq
istəyənlər iki məqamı mütləq nəzərə almalıdırlar. Bunlar süd və yun ilə
bağlıdır.
Südü
Dorper qoyunları əsasən ət məhsuldarlığı üçün
yetişdirilsə də, onların südü də bəzi fermerlər tərəfindən istifadə olunur.
Lakin bu cinsdən alınan süd miqdarı, süd məhsulları üçün yetişdirilən digər
qoyun cinsləri ilə müqayisədə daha azdır. Dorper qoyunlarının südü yağlı və
qidalandırıcıdır, lakin süd verimliliyi onların əsas xüsusiyyəti deyil. Buna
görə də, Dorper cinsi əsasən ət istehsalı və dəri sənayesi üçün yetişdirilir.
Qeyd olunanları nəzərə alsaq, süd istehsalı ən yaxşı halda üçüncü dərəcəli
əhəmiyyətə malikdir.
Yunu
Südü kimi Dorper qoyunlarının yunu da onların əsas
məhsulu deyil. Əsasən ət məhsuldarlığı və keyfiyyətli dəri üçün yetişdirildiyindən
yunlarının keyfiyyəti və miqdarı digər qoyunlara nisbətən daha aşağıdır. Dorper
qoyunlarının yunları əsasən ağ, qismən də qara rəngdə olmaqla, qısa və
yüngüldür. Onların çox hissəsi mövsümi olaraq öz-özünə tökülür. Daha dəqiqi
havaya uyğun istədiyi vaxt yunlanıb, istədiyi vaxt yununu tökür. Bu baxımdan
Dorper cinsinin qırxılması ilə bağlı da problemi yoxdur. Çünki təbii olaraq
yunu itirdiyi üçün dorperi qırxmağa zərurət olmur; bu da ona qulluq etməyi
asanlaşdırır. Bir maraqlı məlumatı da nəzərinizə çatdırım ki, ABŞ-də
dorperlərin tədricən inkişafının əsas səbəblərindən biri məhz yunun qiymətinin
aşağı düşməsi olmuşdur.
Nəticə
Bu qoyunlarla
bağlı araşdırmamın yekun nəticəsi belədir ki, dorper qoyunu məhsuldarlığı,
sağlamlığı və iqlimə uyğunlaşma qabiliyyəti ilə fərqlənən bir cinsdir. Onların
yetişdirilməsi, fermerlər üçün iqtisadi baxımdan faydalıdır və dünya
bazarlarında yüksək qiymətləndirilir. Bu qoyun cinsi, gələcəkdə də əhəmiyyətli
rol oynamağa davam edəcək. Yüksək iqtisadi göstəricilərinə görə, yalnız Romanov
cinsindən geri qalır.
 
 
 
 
 
 
Yorumlar
Yorum Gönder
Burada şərhinizi yaza bilərsiniz.