Ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı - Həsən bəy Zərdabi

Ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim olaraq Azərbaycanda bir çox yeniliklərin bünövrəsini qoymuş Həsən bəy Zərdabi olmuşdur.

Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetini elmlər namizədi diplomu ilə başa vurduqdan sonra onun qarşısında bir sıra perspektivlər açılır. Universitetin rektoru olan Solovyovun ailəsi də onu yaxşı tanıyır və böyük hörmətlə qəbul edirlər. Daim Solovyovun evində olan Həsən bəy onun qızını həqiqi məhəbbətlə sevirdi. Bu məsələdə qızın da münasibəti eyni dərəcədə həqiqi və ciddi idi. Lakin Həsən bəy ali təhsil almış bir müsəlman olaraq xristian qızı ilə evlənməsi nəticəsində xalqının həm özündən, həm də xanımından üz döndərəcəyini düşünür. Ona görə də sevdiyi xristian qızla nikaha girməkdən imtina edərək, müsəlman olan xalqına xidmət etmək üçün vətəninə qayıdır.

Nəhayət 1872-ci ildə, o, özünün gələcək həyat yoldaşını tapır. Belə ki, “Qafqaz” qəzetinin 1872-ci il tarixli nömrələrinin birində Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbini bitirən qızların siyahısı verilmişdir. Bu siyahını oxuyan Həsən bəy məzun olanların arasında Nalçik şəhərində anadan olmuş və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Həsən bəy Tiflisə getmiş və həmin siyahıda adıkeçən tənha müsəlman qızı Hənifə xanım ilə tanış olmuşdur. O, Hənifə xanımın razılığını alan kimi gimnaziyaya bir molla dəvət edərək elə məktəbdəcə nikah əqd etdirmişdir.

Hazırda zəmanəmizdə internet üzərindən ailə qurmaq ənənəsinin yaranmasını nəzərə alsaq, hələ XIX əsrin 70-ci illərində mətbuatın vasitəçiliyi ilə ilk uğurlu ailə həyatı quran azərbaycanlının Həsən bəy Zərdabi olduğunu qətiyyətlə söyləmək olar.

P.S. Qeyd edim ki, bu haqda TarPas kanalı üçün video hazırlamışam. Həmin videoya bu linkdən baxa bilərsiniz: https://youtu.be/gW70o9PjyC0


Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?