Bizə Əfqanıstanizm lazım deyil!

Çox vaxt daxildə bir problem yaranan kimi müəyyən resurslar vasitəsilə bunu xariclə əlaqələndirirlər. Qazinin özünü yandırması kimi faciəvi hadisəni də belə ələqələndirənlər oldu.

Və yaxud da mövcud lokal problemdən diqqəti yayındırmaq üçün gündəmin dəyişdirilməsi və ya buna cəhdlər edilməsi də demək olar ki, bu qəbildəndir. Belə işlək konsepsiyalar uzun illərdir ki, dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Əslində bu kimi konsepsiyalar öz mahiyyəti baxımından uğurludur, zərər çəkə biləcək son hədəfi qoruya bilir. ABŞ-da bu konsepsiyanın konkret adı da var: Əfqanıstanizm. Əfqanıstanizm – yerli məsələləri iqnor etməklə dünyanın digər və uzaq hissələrində olan problemlərə diqqəti yönəltmək mənasınadır. Başqa cür izah etsəm, əfqanıstanizm medianın sosial yönümlü çətin lokal xəbərlərdən yayınaraq, uzaq yerlərdə, ölkə xaricində, elə məsələn, Əfqanıstanda baş vermiş hadisələr barəsində fikir yazmasıdır, populyar şəxslər tərəfindən bunun ictimailəşdirilməsidir. İnternetdə bu haqda daha ətraflı məlumat əldə edə bilərsiniz.

Bəs bizə Əfqanıstanizm konsepsiyası lazımdırmı?

Bəlkə hansısa istisna hallarında lazım ola bilər, amma bu qədər yox. Müəyyən şəxslərin iddia etdiyi kimi mən heç onu da düşünmürəm ki, ölkəmizi əməlli başlı sirkələyirlər. Doğrudur, maraqlı xarici qüvvələrin təzyiqi, daha dəqiqi isə fəaliyyəti həmişə olub. Hətta kolonlaşmış formada yenə də var... davam edir... Xüsusilə də Bakı xarici qüvvələrin fəaliyyəti üçün uzun illərdir ki, strateji nöqtədir. Amma heç də hər zaman əsas hədəf olmayıb... Təbii ki, zaman-zaman müəyyən tarixi zərurətlər yaranıb...

Hazırda xarici qüvvələrlə münasibətlərimizdə vəziyyətin nisbətən yaxşı olduğunu qənaətindəyəm. Buna məsul qurumların və şəxslərin də kifayət qədər peşəkar səviyyədə fəaliyyətdə olduğuna əminəm. Amma bəs daxildə nə baş verir? Müşahidələrimi ümumiləşdirərək, ilkin mərhələdə həllinin zəruri olduğu 2 əsas problemimizin olduğunu deyə bilərəm:

1. Güzaranımız yaxşı deyil.

2. İctimai münasibətlər ədalətli deyil.

Və biz bu problemlərin həllinə hələ başlamamışıq.

Mövcud problemlərin sürətli həllinə başlamaq üçün ilk növbədə icra hakimiyyətləri ləğv edilməli, növbədənkənar bələdiyyə seçkiləri keçirərək, sağlam bələdiyyələr formalaşdırıb, xalqın yerli özünüidarəetmədə iştirakını bundan bir neçə qat artırmaq lazımdır. Bələdiyyə institutu normal formalaşdırılarsa, fəaliyyət göstərərsə, xalqın yeni aktivlər yaratmaq imkanları da artacaq ki, bu da neft-qaza ehtiyac olmadan belə güzaranımıza, ictimai münasibətlərə müsbət təsir edəcək. Bütün bunlar üçün isə heç də uzun zamana ehtiyac yoxdur. Maksimum 1 və ya 2 ilə həyat şəraitini və ictimai münasibətləri qaydaya salmaq istiqamətində mühüm addımlar atmaq mümkündür.

Tərxan Paşazadə.

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?