Kamala Harris kimdir?

Kamala Harris kimdir?
Bu gün sizə amerikalı siyasətçi, hüquqşünas və ABŞ-nin hazırkı vitse-prezidenti olan Kamala Harris haqqında danışacağam.
ABŞ Prezidenti Co Bayden partiyasının həftələrdir davam edən təzyiqlərindən sonra seçki yarışından geri çəkilərək, vitse-prezident Kamala Harrisi dəstəklədiyini və bunun indiyədək verdiyi ən düzgün qərar olduğunu bəyan edib.
Bəs Kamala Harris kimdir və onun siyasi karyerası haqqında nələri bilməliyik?
Kamala Devi Harris 20 oktyabr 1964-cü ildə Kaliforniya ştatının Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Şyamala Qopalan Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası Donald Harris isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Onun yeddi yaşı olanda valideynləri boşanıblar.
Kamala ali təhsilini Houvard Universitetində və Kaliforniya Universitetinin Hastings Hüquq Kollecində tamamlayıb.
Kamala Harris hüquq sahəsində karyerasına Kaliforniya ştatının Alameda dairəsində başlayıb. Daha sonra San-Fransisko şəhərinin ərazi prokuroru olub.
O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində həmin vəzifəyə seçilən ilk qaradərili və ilk qadın olub. Bu vəzifədə olduğu müddətdə bir çox mühüm hüquq işlərinə rəhbərlik edib və əhəmiyyətli islahatlar həyata keçirib.
2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris, elə həmin il avqustun 22-də yəhudi əsilli hüquqşünas Duq Emhof ilə evlənib. Kamalanın öz övladı olmasa da Duq Emhofun daha əvvəlki həyat yoldaşından olan iki övladının ögey anasıdır.
2016-cı ildə keçirilən seçkilərdə isə Harris Kaliforniyadan ABŞ Senatına mandat qazanan ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur.
O, 2020-ci ildə Co Baydenin vitse-prezident namizədi olaraq seçki kampaniyasına qatılıb. Təşviqat kampaniyası çərçivəsində Baydenlə Mülki Hüquqlar Aktının qəbulundan sonra Harris ən yaddaqalan çıxışına imza atır. Həmin ilin noyabrın 7-də Bayden-Harris cütlüyü Tramp-Pens cütlüyünü məğlub edərək, 2020-ci ilin noyabr ayında müvafiq olaraq, ABŞ prezidenti və vitse-prezidenti seçilirlər. Bununla da Kamala Harris ABŞ-nin ilk rəsmi qadın vitse-prezidenti seçilir.
Dini təəssübkeşliyinə görə Harris Amerika Baptist Kilsələrinin bir icmasına aid San-Fransisko Üçüncü Baptist Kilsəsinin üzvü olan baptistdir.
Kamala Harris vitse-prezident olaraq pandemiya ilə mübarizə, iqtisadiyyatın bərpası, iqlim dəyişikliyi və sosial ədalət kimi mühüm məsələlərdə önəmli rol oynamışdır. Tərəfdarlarının fikrinə görə onun liderlik qabiliyyəti və qətiyyəti, ABŞ-ın gələcəyi üçün yeni ümidlər yaradır. Onun hekayəsi, əzmi və liderliyi, gələcək nəsillərə ilham verir və verəcək.
Bəs Kamala Harris prezident seçilsə, ABŞ-Azərbaycan münasibətləri necə olacaq? Təcrübə göstərir ki, Kaliforniyadan olan senatorlar, konqresmenlər xüsusilə ermənilərlə həmişə daha yaxın münasibətlərdə olurlar. Bu da onların Azərbaycan və Türkiyəyə münasibətlərinə təsir göstərir. Kamala Harris də erməni lobbisinə yaxın fiqur kimi tanınır. Güman edək ki, onun seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir etməyəcək. Doğrudur, demokratların Azərbaycana münasibəti həmişə respublikaçıların münasibətilə müqayisədə sərin olub. ABŞ-Azərbaycan münasibətləri respublikaçıların hakimiyyətdə olduqları zamanlarda daha yaxşı olub. Yeri gəlmişkən, cənab Tramp da düşünür ki, Kamala Harrisi məğlub etmək onun üçün daha asan olacaq…
Bildirim ki, ABŞ-nin hazırkı Prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini elan etdikdən sonra ilk 24 saat ərzində Harrisin seçkiqabağı kampaniyası üçün 81 milyon dollardan çox ianə toplanıb. Həmçinin vitse-prezident Kamala Harris prezident seçkilərində rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb. Amma onun namizədliyin təsdiq olunması üçün hələ bir neçə həftə var. Belə ki, Harris partiyasının avqustun 19-dan 22-nə qədər Çikaqoda keçiriləcək qurultayında rəsmi olaraq namizəd göstərilməlidir. Çünki yekun nəticələr partiyanın Çikaqoda keçiriləcək qurultayında məlum olacaq.
ABŞ-də prezident seçkiləri isə noyabrın 5-də baş tutacaq. Əgər Kamala Harris seçkilərdə qalib gələrsə, ABŞ-nin 47-ci, ilk qadın və Barak Obamadan sonra ikinci qaradərili prezidenti olacaq.

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?