Şah heç də həmişə şah deyil!
Gecə oyun bitəndən sonra çalışdım ki, dərhal yatım. Çünki bilirdim ki, səhər işə mənim yerimə Şahruddin getməyəcək.
Sadəcə bir status yazdım: "Təşəkkürlər "Qarabağ"! Yola davam!"
Bəli, "Qarabağ" təşəkkürü haqq edir. Cənab Qurban Qurbanov təşəkkürü haqq edir!
Düz ardıcıl 9 ildir ki, onsuz da qruplardadırlar. Bu mövsüm ÇL-də olmasa da AL-də yola davam edəcək. İnanıram ki, "Qarabağ" zəfər yaddaşımızı daha da möhkəmləndirəcək.
Amma ÇL qrupu təbii ki, daha yaxşı olardı. Böyük pullar, geniş vitrin... Gəl indi qazanma... Amma maddi baxımdan kimin daha çox qazanmaq şansı vardı? "Azərsun"un. Ancaq "Azərsun" nə edir? "Kaz gelecek yerden tavuk esirgenmez" məsəlinə əməl etmir. Bu gün "Qarabağ"a qələbə yaddaşı olan transferlər lazımdır.
Əslində elə-belə heyətlə də ÇL-də qrupda ola bilərdi. Bəs niyə olmadı, kimdir günahkar? Aha, bu sualın da cavabı sadədir. Başda "Neftçi" olmaqla, qitə turnirlərində iştirak etmiş digər klublarımız. Əgər onların hər biri son 5 ildə "Qarabağ"ın uğurlarının yarısı qədər ölkə reytinqinə töhfə vermiş olsaydılar, indi "Qarabağ" heç kvalifikasiyalara qatılmadan, avtomatik qruplarda idi. Amma olmadı.
Ümumiyyətlə, günahkarlar çoxdur. Ancaq oyuna baxan azarkeş günah keçisi olaraq, Şahruddini müəyyənləşdirməkdə elə də çətinlik çəkmədi. Şəxsən mən "Qarabağ"ın ÇL qrupuna düşməməyinin əsas səbəbkarının heç də yalnız Şahruddin olduğunu düşünmürəm. Ancaq "Qarabağ"da qapıçı problemi davam etməkdədir. Hətta ehtiyat qapıçı Luka Quqeşaşvili də zəruri tələblərə cavab vermir. Oyuna çıxmadan sarı vərəqə alan qapıçıdan bilmirəm daha nə gözləmək olar?
Sonda baş aşpazımız Orxan Fikrətoğlundan xahiş edərdim ki, oyunçularımızın yaxşı qidalanması üçün qəşəng bir menyu hazırlasın. Rəqibin Yindrix adlı qapıçısının üzünə baxanda bilmək olurdu ki, ilk oyundan sonra Bakıda kababdan da yeyib və babat toxdur, ancaq qələbəyə acdır. Şahruddin isə adicə su içmək qaydasını belə düz-əməlli bilmir sanki; israf edir, gül kimi oyunu israf etdiyi kimi.
Yorumlar
Yorum Gönder
Burada şərhinizi yaza bilərsiniz.