Qanqal bitkisi. Faydaları və zərərləri

Qanqal (Cirsium), əsasən çəmənliklərdə, dağətəyi və dağlıq ərazilərdə rast gəlinən çoxillik bir bitkidir. Bəzi növlərinə ən çox yaylaq ərazilərində, quru otlaq sahələrində və meşəliklərdə rast gəlinir. Tikanlı yarpaqları, möhkəm gövdəsi və çiçəkləri ilə tanınır. Çiçəkləri bənövşəyi, çəhrayı və ya ağ rəngdə ola bilər. Çoxlu növləri var; elmə 383 növü məlumdur. Bu növlərdən bəziləri həm dekorativ məqsədlərlə yetişdirilir, həm də müalicəvi xüsusiyyətləri ilə tanınır; bəziləri isə aqrar sahələrdə alaq otu kimi qəbul edilir. Qanqal dünya əczaçılıq sənayesində müxtəlif dərman preparatlarının tərkibinə daxil edilib. Xalq təbabətində də qanqal çox geniş istifadə olunur. Hər bir növün ekoloji xüsusiyyətləri və yayılma əraziləri müxtəlifdir. Qanqal növləri əsasən Şimali Amerika, Avropa və Asiyada yayılmışdır.

Qanqal Azərbaycanda da, demək olar ki, bir çox bölgələrimizdə, çöllərdə, yol kənarlarında, günəşli sahələrdə, tarlalarda, biçənək və otlaqlarda rast gəlinir. Tikanlı olma səbəbindən əksər insanlar ondan uzaq dursalar da, dadını, xeyirli tərəflərini bilənlər qanqalın yetişmə vaxtını səbirsizliklə gözləyir. Hələ qədim zamanlarda yaşlı insanlar cavanlara təzə yetişən, bərkiməmiş qanqalın gövdəsini soyub yeməyi tövsiyə ediblər. Yığımı əziyyətli olsa da, bu bitkinin insan orqanizminə xeyri çoxdur. Onun yazın əvvəllərində yetişən şirəli özəyini kiçikdən böyüyə hamı xoşlayır. Qanqal Azərbaycanda əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq qovrulur və ya döyülərək toz halına salınıb, istifadə edilir.

İstifadəsi

Qanqalın istifadəsi ilə bağlı qeyd edim ki, onun ən xeyirli hissəsi onun toxumlarıdır. Qanqalın toxumları yığılır, əl dəyirmanında və ya qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınaraq, istifadə edilir. İstifadəsi zamanı gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunması tövsiyə edilir. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.

Qanqaldan dəmləmə hazırlamaq üçün isə 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suya tökülür və 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir.

Mütəxəssislər qanqalın insan orqanizminə bir çox faydaları olduğunu aşkar ediblər. Eyni zamanda zərərləri barədə də kifayət qədər məlumat vardır. Onu da qeyd edək ki, qalqalın növündən asılı olaraq, faydalı və zərərli xüsusiyyətləri də nisbətən fərqli ola bilər. Bu videoda sizlərə qanqalın ümumi faydaları və zərərləri haqqında məlumatları təqdim edirik:

Faydaları:

1. Antioksidant təsiri: Qanqal bitkisi antioksidant xüsusiyyətlərə malikdir. Bu, orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır və ümumi sağlamlığı dəstəkləyir.

2. İltihab əleyhinə: Qanqalın iltihab əleyhinə təsiri var və bu xüsusiyyət sayəsində müxtəlif iltihabi xəstəliklərdə istifadə edilə bilər. Xüsusilə artrit və digər iltihabi xəstəliklərin simptomlarını yüngülləşdirə bilər.

3. Dəri sağlamlığı: Qanqal yarpaqlarından hazırlanan məcun və ya dəmləmə, dəridəki yaralar və ya iltihablar üçün istifadə edilə bilir və dəri problemlərinin sağalmasına kömək edir. Qanqal yağı və ya çayının bu məqsədlə istifadəsi tövsiyə olunur.

4. Həzm sistemi: Qanqal çayı mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdırır, həzm sistemini dəstəkləyir, bağırsaq hərəkətlərini yaxşılaşdırır. Həmçinin, qanqalın tərkibindəki bəzi maddələr mədə və bağırsaq qazlarını azaltmaqda köməkçi ola bilir.

5. Qaraciyərə təsiri: Qanqal qaraciyərin toxumalarını yeniləyir, onu zərərli maddələrdən təmizləyərək piylənməsinin qarşısını alır. Ondan sarılıq keçirən insanlarda yaranan qaraciyər xəstəliklərinin müalicəsində istifadə etmək tövsiyə olunur.

6. Sidikqovucu: Qanqal, təbii sidikqovucu xüsusiyyətə malikdir və bu, bədənin artıq mayelərdən təmizlənməsinə kömək edir. Bu xüsusiyyət, böyrək və sidik yolları xəstəliklərinin müalicəsində dəstəkləyici ola bilər.

7. Digər faydaları: Təcrübədə sübut olunub ki, qanqal yemək temperaturu aşağı salır, bədəndə yaranan sinir ağrılarını azaldır. Yarpaqlarını qaynadıb, suyuna bal qatıb içmək isə malyariya xəstə­liyində xeyirlidir. Qanqalın immun sistemi xəstəlikləri üçün də faydaları var. Bitki damar tutulması səbəbilə yaranan xəstəliklərdə də təsirli vasitədir. Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər. Ümumiyyətlə isə bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlayırlar.

Zərərləri:

1. Hamiləlik və əmizdirmə: Hamilə və uşaq əmizdirən qadınların qanqal bitkisini istifadəsi tövsiyə edilmir, çünki onun təsiri bu dövrlər üçün tam olaraq araşdırılmayıb və təhlükəsizliyini təmin edən kifayət qədər məlumat yoxdur.

2. Allergik reaksiyalar: Bəzi insanlarda qanqal bitkisinə qarşı allergik reaksiyalar meydana gələ bilər. Bu, dəridə qızartı, qaşıntı və ya qıcıqlanma, ya da digər allergik simptomlarla özünü göstərə bilər.

3. Dərmanlarla qarşılıqlı təsir: Qanqal bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər, xüsusilə qaraciyərə təsir edən dərmanlarla. Bu səbəbdən qanqal istifadəsi öncəsi həkimlə məsləhətləşmək tövsiyə edilir.

4. Doza həddi: Qanqal bitkisinin çox istifadə edilməsi həzm problemlərinə səbəb ola bilər. Xüsusilə həssas mədə-bağırsaq sisteminə malik insanlarda narahatlıq və qıcıqlanma meydana gələ bilər.

Sonda qeyd edim ki, qanqal bitkisi, xalq təbabətində geniş istifadə edilən bir bitki olsa da, istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.




Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?