Heydər Əliyevə "HƏ" de AFFA!

Heydər Əliyev! Bu ad-soyad ölkəmizin tarixinə əbədi yazılıb. Amma bu yazım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında deyil, dostum Heydər Əliyev haqqındadır.

Qatı futbol azarkeşi olan Heydər dostumla dostluğum pandemiya təzə başlayan vaxtlardan başlayıb. Belə ki, çöldə həyatın durduğu vaxtlarda Heydər qardaşımız biz futbol azarkeşləri üçün özünün feysbuk profilində “Yaşıl meydan” adlı sual-cavab turniri təşkil etmişdi. Kifayət qədər gərgin, dramatik, maraqlı yarışma olmuşdu...

Virtual dünyada demək olar ki, hər gün bir-birimizi görürük, ünsiyyətimiz olur. Amma real dünyada cəmi bir dəfə onunla görüşmüşəm. Bu yazıya əlavə etdiyim şəkli də həmin görüşümüz zamanı Heydər çəkmişdi. UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt” – “Çukariçki” cütlüyünün Sumqayıtda keçirilən cavab oyunu zamanı matçı onunla birlikdə seyr etdim. Mən də futbol azarkeşiyəm. Amma o oyunda gördüm ki, mən heç kiməm... Heydər azarkeşlikdə başqa aləmdir! Təəssüf ki, həmin gün “Sumqayıt” uduzaraq, avrokuboklarda mübarizəni dayandırdı...

Mən həmin gündən bəri stadionda futbol izləməmişəm. Amma Heydər qardaşımız az qala hər gün stadiondadır... Özü də əksər hallarda heç də hamının getdiyi oyunlara deyil, heç kimin getmədiyi oyunları izləyir. İzləyir və çəkir. Bəli, məhdud imkanları ilə getdiyi oyunlardan yutub kanalı üçün video reportajlar hazırlayır.

Onun bu gün – 25 noyabr tarixində 3 yaşı tamam olan QOOL TV adlı yutub kanalı var. Kanalın fəaliyyət istiqaməti də çox maraqlı və unikaldır. Əsas mövzusunu uşaq futbolu təşkil edir. 3 ildir ki, mövcud olan bu kanal fəaliyyətini məhz Heydər Əliyevin sayəsində davam etdirir. Özünün də qeyd etdiyi kimi bu 3 il ərzində çoxsaylı istedadlı uşaqlarla tanış olub, oyunlarını izləyib. Bunlardan Zəka Həmidli, Nail Ziyadov, Əli Bəşirli, İlkin Bayramov, Turan Fətullayev, Davud Əbilov, İslam Həsənov kimi istedadlı uşaqların adlarını xüsusilə vurğulayır. Əslində belə uşaqların sayı daha da çoxdur.

O, fəaliyyəti ilə bağlı bir sıra məqamları xüsusi vurğulayaraq, belə deyir:

"Bu günə qədər mənə dəstək olan, videolarımı  paylaşan, stadionlara gediş-gəlişimi  asandlaşdıran  məşqçilərə, valideynlərə təşəkkür edirəm! Bəzən ruhdan düşürəm, amma hədəflərim var!!! İnanıram ki, o gün uzaqda deyil."
Mən də inanıram sənə, qardaş! Əgər bu ölkədə uşaq futbolu normal bir inkişaf səviyyəsinə çatacaqsa, bunda sənin də əvəzsiz rolunun olduğunu əminliklə söyləmək olar. İnanıram ki, QOOL TV-nin ölkəmizdə uşaq futbolu sahəsində gördüyü iş, AFFA-nın gördüyü işdən heç də az deyil. Bu işi daha da böyütmək üçün isə düşünürəm ki, AFFA Heydər qardaşımıza dəstək olmalı, uşaq futbolunun inkişafı naminə onun təcrübəsindən, çalışqanlığından yararlanmalıdır.

3 yaşın mübarək QOOL TV! Uğurlar!

Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?