İki əhvalat
Yazıçı deyiləm. Amma ara-sıra nəsə yazıram. 2019-cu ildə qələmə aldığım bu iki əhvalatı həmin vaxt Gənc Yazıçılar Klubunun keçirdiyi "Mini hekayə yarışması" üçün yazmışdım. Yarışmada iştirak etdiyim üçün məni təltif də etmişdilər...
İki əhvalat
Real həyatda qarşılaşdığım hadisələrin təsvirindən ibarət olan bu əhvalatları xüsusi olaraq fəhlə dostlarım üçün yazıram.
Birinci əhvalat
Bir gün təsadüfən mənimlə yaşıd olan səliqəli geyimli, yüksək ünsiyyət mədəniyyətinə malik gumrah vəziyyətli bir nəfərlə tanış oldum. Söhbət əsnasında təhsilli olmadığını, hərbi xidmətdən sonra yalnız fəhlə işlədiyini öyrəndim. Ancaq aylıq əməkhaqqısı mənim dövlət qulluğu maaşımdan azı 10 dəfə çox idi...
Niyə bu qədər yüksək əməkhaqqı almasının səbəbini soruşdum. Axı indiyə qədər tanıdığım heç bir fəhlə bu qədər yüksək əməkhaqqı almırdı...
Cavabı çox nümunəvi idi.
Deməli bu yeni tanış olduğum fəhlə həmyaşıdım hərbi xidmətdən sonra tapdığı ilk iş yerinə heç də əl-qolunu sallayaraq getməyib. Tam bir neçə gün "Fəhlə necə işləməlidir?" sualına cavab axtarıb. Nəticədə ilk iş günü işə tam hazırlıqla başlayıb. İş prosesinə lazım olan avadanlıqların və geyimlərin hamısını əldə edib. Heç vaxt onlar olmadan iş görməyib. İdeal fəhlə necə olmaldırsa, o da elə olub...
Bir müddət belə işlədikdən sonra, xarici vətəndaşın evində işləməli olur. Xarici dili bilmədiyi üçün elə həmin axşamdan etibarən müvafiq dildə işinə uyğun bir neçə söz də öyrənir. Artıq bir həftə sonra evində işlədiyi xarici vətəndaşla onun dilində anlaşılan səviyyədə ünsiyyət qura bilir. Xarici vətəndaş evindəki iş bitdikdən sonra fəhlə həmyaşıdıma bir həftəlik başqa bir iş də təklif edir...
Fəhlə həmyaşıdımın işini vaxtında, səliqə ilə görməsi, ən əsası isə öz sağlamlığına və təhlükəsizliyinə diqqət edərək işləməsi xarici vətəndaşın çox xoşuna gəlir. İş başa çatdıqdan sonra Qərbi Avropada tikinti şirkətlərindən birinin rəhbəri olan dostuna zəng edib, yeni fəhlə tanışı haqqında ona məlumat verir... Bir ay sonra fəhlə həmyaşıdım artıq Polşada işləyir... Daha sonra isə Norveçdə, Almaniyada və başqa ölkələrdə işləyir. Vətənə isə istirahətə gəlibmiş...
Bəli, o ömür boyu fəhlə işləmişdi. Amma tanıdığım bütün fəhlələrdən sağlam, gümrah idi. Hamısından da çox pul qazanırdı. Çünki sağlamlığına və təhlükəsizliyinə ən yüksək səviyyədə diqqət etməsi onun həyat yolunu abad etmişdi.
İkinci əhvalat
Bir gün təsadüfən bir fəhlə diqqətimi cəlb etdi. İş otağıma yaxın bir yerdə işlədiyi üçün gün ərzində bir neçə dəfə onu görürdüm. Bir neçə dəfə onu müşahidə etdim. Gördüm ki, mütəmadi olaraq enerji içkilərindən içir, siqaret çəkir, nə sağlamlığına diqqət etmir, nə də təhlükəsizlik qaydalarına riayət etmir...
Cavan idi, həyatı hələ qarşıda idi. Ancaq tək elə nəfəs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan mühafizə edən maskadan istifadə etmədiyi üçün bir müddət sonra sağlamlığını itirəcəyi şübhəsiz idi...
Bir bəhanə ilə onunla ünsiyyət qurdum. Az da olsa, ünsiyyət mədəniyyətinə malik olduğunu gördüm. Hələ orta məktəbdə oxuyarkən, onun atası vəfat etmişdi... İndi evi yalnız o dolandırırdı...
Bir neçə gündən sonra artıq ona gələcəyi ilə bağlı tövsiyə vermək üçün tam uyğun zaman olduğunu düşündüm. Onunla tam açıq danışdım. Əvvəlcə müşahidə etdiyim müsbət keyfiyyətlərini sadaladım. Sağlamlığına və təhlükəsizliyinə diqqət etməsə də, əl qabiliyyəti çox yaxşı idi. Müvafiq sahədə gələcəkdə kifayət qədər tanınmış biri ola bilərdi; təbii ki, gələcəyə çata bilsəydi... Və ona qüsurlarını bildirdim. Mövcud fəaliyyəti ilə gələcəyi görməyəcəyini dedim. Ona görə də öz həyat tərzini dəyişməli olduğunu və bu sözləri dedim...
–"Axı niyə bu qədər əziyyət çəkib işləyərək, qazandığın məvacibin təxminən 50-60%-ni sadəcə enerji içkilərinə və siqaretə xərcləyirsən? Olmaz ki, o pullarla özünə respirator, kaska alasan? Axı niyə ideal zəruri avadanlıqların və ideal fəhlə geyimin olmasın ki?"
Və daha sonra ona "Birinci əhvalat"ı danışdım...
Növbəti iki gün rayonların birində ezamiyyədə oldum; daha sonra isə iki gün də şənbə-bazara düşdüyü üçün tam 4 gün onu görmək imkanım olmadı.
Bazar ertəsi günü səhər tezdən iş otağıma gedərkən onun işlədiyi yerdə çalışan fəhlənin yeni olduğunu düşündüm, sadəcə –"Sabahınız xeyir, yorulmayasınız" deyərək, keçib getmək istəyərkən, bu "yeni fəhlə" işini saxladı, ağızındakı respiratoru çıxararaq, –"Sabahınız xeyir müəllim, deyəsən məni tanımadınız?!" dedi... Bəli, yeni deyilmiş, həmin fəhlə imiş... İndi əllərində əlcək, gözün qoruyucu eynək, başında da kaska var idi; geyimi çox səliqəli idi və ətrafdan siqaret iyi də gəlmirdi...
–"Müəllim, çox sağ olun məsləhətlərinizə görə! 4 ildir ki, belə işlər görürəm, amma ilk dəfədir ki, məhz Siz mənim sağlamlığımı və təhlükəsizliyimi düşünərək, mənə çox dəyərli məsləhətlər verdiniz. Artıq 5-ci gündür ki, nə siqaret çəkmirəm, nə də enerji içkilərini içmirəm. Evdə anama da Sizinlə olan söhbətimi danışmışam. Bildirdi ki, onun da təşəkkürünü Sizə çatdırım..."
Bu hadisədən çox sevindim. Mən də ona tövsiyəmi nəzərə aldığı üçün təşəkkür edərək, oradan ayrıldım...
Daha bir insana kömək etməyi bacarmışdım. Beləliklə, onun da həyat yolu bundan sonra heç şübhəsiz ki, abad olacaq...
Tərxan Paşazadə,
21.05.2019.
Yorumlar
Yorum Gönder
Burada şərhinizi yaza bilərsiniz.