Qubada futbolun tarixinə dair araşdırma
Araşdırmalarımın bir hissəsi də idmanla – xüsusilə də futbolla bağlıdır. Belə araşdırmalarımdan biri Qubada futbolun tarixçəsi barədə olub. Həmin araşdırmam bəzi media orqanlarında dərc olunub:
- "Qubalı futbolçular erməniləri məyus etdi" adı ilə "168 saat" qəzetini 29.08.2019-cu il tarixli 22-ci (698-ci) nömrəsinin 13-cü səhifəsində;
- "Qubada futbol - ARAŞDIRMA" adı ilə 15.09.2019-cu ildə sportnet.az saytında.
Qubada futbol
Qubada futbolun tarixi 1920-ci illərdən başlayır. Bəlkə də daha əvvələ aiddir, amma bizə məlum olan tarix budur.
Sovet dövründə Qubanı futbol rayonu saymaq mümkün idi. Çünki istər böyük, istərsə də uşaq futbolu bu rayonda heç də zəif olmayıb. Xüsusilə də uşaq komandaları daha yaxşı nəticələr qazanıb. Quba komandası hələ 1928-ci ildə 8 komandanın iştirakı ilə keçirilən ilk Azərbaycan SSR çempionatında iştirak edib; qubalılar Xankəndi, Gəncə, Balakən, Şəki, Qax və Bakının iki komandası ilə birlikdə çempionluq uğurunda mübarizə aparıblar. 1936-cı ildə keçirilən Azərbaycan SSR kuboku uğurunda turnirdə də Quba komandası mübarizə aparıb. Böyük Vətən müharibəsinin başlamasına qədər fəaliyyət göstərmiş həmin komanda müharibə dövründə fəaliyyətini dayandırıb.
Müharibədən sonra qubalılar futbolda ilk uğurlarını 1953-cü ildə əldə ediblər. Belə ki, həmin il Qubanın “İskra” komandası Azərbaycan SSR çempionatında üçüncü yeri tutaraq, bürünc medallara sahib olur.
Növbəti uğurlar “Neftyanik” ilə qazanılır. Qubanın “Neftyanik” komandası 1958-ci ildə Azərbaycan SSR kubokununun finalında uduzsa da, növbəti mövsümdə – 1959-cu ildə kubokun qalibi olur. 1960-cı ildə isə respublika çempionatında ikinci yeri tutaraq, gümüş medalları qazanır.
1961-ci ildə rayonda “Spartak” komandası yaradılır. Komandanın adının “Spartak” olması bütün ittifaq üzrə geniş yayılmış, məşhur eyniadlı idman cəmiyyəti ilə bağlı idi. Komandanın yeni yaranmasına baxmayaraq, qubalılar elə həmin il Azərbaycan SSR çempionu adını qazanırlar. Çoxları tərəfindən bu nəticə o dövr üçün sensasiya kimi qəbul olundu. Çünki həmin vaxta qədər Bakı klublarından başqa heç bir komanda respublika çempionu olmamışdı... Beləliklə, Quba komandası Bakı klublarının hegemonluğuna son qoyur.
1964-cü ildə “Quba Konserv Zavodu” adlanan komanda Azərbaycan SSR kubokunun finalçısı olur.
“Lusaşok”la oyun |
Qubalılar növbəti uğurları isə uşaq futbolunda qazanırlar. 1972-ci ildə 11-12 yaşlılar arasında keçirilən “Dəri top” adlı ümumittifaq futbol çempionatında Azərbaycanı təmsil edən Quba “Şahdağ”ı finala qədər yüksəlir. 1979-cu ildə isə “Şahdağ” eyni yaş qrupunda nəticəsini daha da yaxşılaşdıraraq, yarışın qalibi olur. Əfəndi Seyidovun baş məşqçisi olduğu “Şahdağ”, finalda Ermənistanın “Lusaşok” komandası ilə üz-üzə gəlir. O vaxt Leninin adını daşıyan, hazırkı Tofiq Bəhramov adına Respubika stadionunda baş tutan matçın baş hakimi də elə Tofiq Bəhramov olmuşdur. Oyunda hesabı ermənilər açsalar da, ilk hissənin sonuna kimi “Şahdağ” bərabərlik qolunu vurmuş; ikinci hissədə isə daha bir qol vuran qubalılar, oyundan 2:1 hesablı qələbə ilə ayrılaraq “Dəri top” kubokunun qalibi adına layiq görülüblər.
SSRİ-nin son onilliyində isə qubalıların bəzi statistik göstəriciləri belə olmuşdur. Məsələn, 1984-cü ildə 18 komandanın mübarizə apardığı Azərbaycan SSR çempionatında 7-ci pilləni tutmuş “Şahdağ”, 1987-ci ildə 15-ci olmuşdur. 1990-cı ildə isə “B” yarımqrupunu 5-ci pillədə başa vursa da, 1-12-ci yerlər uğrunda mübarizədə “Şahdağ” sonuncu olmuşdur. 1991-ci ildə keçirilmiş sonuncu Azərbaycan SSR çempionatında isə qubalılar “Şahdağ”ın adını dəyişərək, “Aqrofirma” adlı komanda ilə iştirak etmiş və 20 komanda arasında 13-cü yeri tutmuşlar.
"Şahdağ" Güclülər Dəstəsində |
Müstəqillik dövründə isə Quba komandaları nadir hallarda meydanda görsənib. Quba təmsilçisi elitada cəmi bir dəfə çıxış edib. 1999-2000-ci il mövsümündə I dəstədə 1-ci yeri tutan Quba təmsilçisi Güclülər dəstəsinə vəsiqə qazanıb. Lakin 2000/2001 mövsümünü çox uğursuz keçirərək, elitada yerini qoruya bilməyən “Şahdağ”, qış fasiləsindən sonra çempionatı tərk edib; ardınca isə fəaliyyətini dayandırıb. Qeyd edim ki, həmin çempionatda “Şahdağ” 22 oktyabr 2000-ci ildə səfərdə həmin dövrün iddialı komandalarından olan “Şəmkir”ə 1:10 hesabı ilə məğlub olmuşdu ki, bu nəticə də onların tarixində ən böyük hesablı məğlubiyyətdir. Maraqlıdır ki, həmin oyundan cəmi 6 gün sonra – 28 oktyabr 2000-ci ildə onlar Ağdamın “Qarabağ” komandası ilə ev oyununda 1:1 hesablı bərabərliyə imza ataraq, çempionatda yeganə xallarını qazanırlar. Qubalılar ikinci dövrədə isə meydana çıxmayaraq, bütün matçlarda 0:3 hesablı texniki məğlubiyyət alırlar.
2004-cü ildə rayonda 3 yaş qrupu üzrə fəaliyyət göstərən “Quba” peşəkar futbol klubu yaradılıb. Həmin klubun tərkibində böyüklər də var idi. Lakin 2007-ci ildə həmin komanda maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb.
2007-ci ildə qubalılar yenidən “Spartak” adlı komanda ilə meydana çıxaraq, I divizionunda çıxış edirlər. Ancaq cəmi 2 mövsüm sonra komanda fəaliyyətini dayandırıb. “Spartak” 2007/2008 mövsümündə “A” qrupunda 10 komanda arasında 7-ci pilləni tutur. Lakin cəmi 8 komandanın iştirak etdiyi 2008/2009 mövsümündə isə sonuncu olur.
Bundan sonra Qubanı ölkə çempionatında yalnız uşaq komandaları təmsil edir. Qubada istedadlı uşaqlar kifayət qədərdir. Sadəcə, böyük futbol olmadığından onlar üzə çıxmır. Nəticədə də həmin uşaqlar bir müddət uşaq komandalarında oynadıqdan sonra başqa sahələrə üz tutmaq məcburiyyətində qalırlar...
2017-ci ildə AFFA-nın xahişi ilə “Şahdağ” Quba Rayon İcra Hakimiyyəti tərəfindən bərpa olunaraq, “Region Liqası”nın Şimal zonasında mübarizəyə qoşulub. Heyətdə əsasən yerli futbolçular yer alıb. Komandaya baş məşqçi vəzifəsinə Qubanın AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qruplarından ibarət komandalarına rəhbərlik edən Dəyanət Əliyev təyin olunur. İlk turda Qusar “Şahdağ”ı ilə keçirilən “Şimal derbisi”ndə rəqibinə 0:1 ilə məğlub olan “Quba “Şahdağ”ı, yekun nəticədə qrupda yalnız Şabranın “Səhliyalı” komandasını qabaqlayaraq, 3-cü yeri tutmuşdur. Növbəti mövsümdə isə yenidən komanda maddi çətinlik səbəbindən fəaliyyətini dayandırır.
Xanbaba Daşdı |
Quba Soyqırımı Memorial Kompleksindən əvvəl bu yerdə Mərkəzi stadion var idi. Mənbə: commons.wikimedia.org |
Məqalənin yazılma tarixi: 08.08.2019
P.S. Bu mövzuda TarPas kanalı üçün video da hazırlamışdım.
Yeni məlumatlar
Dünən – dekabrın 6-da Quba rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə, həmçinin 6600 tamaşaçı yerlik futbol stadionu ilə tanış olublar. Yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra həmin stadion "Quba Arena" adlanır.
Prezident, xanımı və qızları Leyla xanım Quba Olimpiya İdman Kompleksinin stadionunda. Mənbə: president.az |
İnanıram ki, hazırda AFFA-nın Region Liqasında 4 turdan sonra xal itirmədən öz qrupunun lideri olan Quba “Şahdağ”ı növbəti qələbələrini bu stadionda qazanacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionu – Quba Arena Mənbə: president.az |
Yeri gəlmişkən, Region Liqasında Sumqayıtın "Uğur" klubunu ardıcıl iki dəfə çempion etmiş baş məşqçi Qəzənfər Abbasov bu mövsümdən "Şahdağ"ın baş məşqçisidir.
Qəzənfər Abbasov və Xanbaba Daşdı |
Quba futbolunu zirvələrə daşıyacaq doğma “Şahdağ”a və kluba rəhbərlik edən dəyərli dostum Xanbaba Daşdıya uğurlar arzu edirəm!
Tərxan PAŞAZADƏ,
tədqiqatçı
Yorumlar
Yorum Gönder
Burada şərhinizi yaza bilərsiniz.