Mərmər ət – Dünyanın ən bahalı və ən dadlı əti

Sumqayıt sakinləri və şəhərimizin qonaqları "MƏRMƏR ƏT" dükanlarını yəqin ki, görüblər. Həmin dükanları gördüyüm ilk günlərdən adı diqqətimi cəlb etdi. Niyə "mərmər ət"? Elə adlanması mənə maraqlı idi. Ona görə də bu suala özüm cavab tapmaq üçün araşdıranda, əsl mərmər ətin nə olduğunu öyrəndim. Bəlkə sizin üçün də maraqladır. Elə isə buyurun, bu mövzuda bilmədiyinizi öyrənin. Bildiyinizi isə şərhlərdə yazaraq, mənimlə və digər oxucularla da paylaşa bilərsiniz.


Mərmər ət – Dünyanın ən bahalı və ən dadlı əti

Dünyanın ən bahalı və ən dadlı əti Yaponiyada saxlanılan safqan “Vaqyu” cinsindən olan inəklərin əti hesab olunur. Həmin ət sanki mərmərə bənzəyir. Bu səbəbdən onu “mərmər ət” adlandırırlar. Bu heyvanların ətinin olduqca dadlı olmasının əsas səbəbi onlara xüsusi qulluğun göstərilməsi və saxlanma şəraiti ilə bağlıdır. Əsrlərdir ki, bu inəkləri Yaponiyada xüsusi qayda ilə bəsləyirlər.

Vaqyu cinsindən olan inək. Mənbə: commons.wikimedia.org

Vaqyu saxlayan fermerlərin diqqət etdikləri əsas məqam heyvanların stressini sıfıra endirməkdir. Çünki heyvanın stressli olması onun ətinin keyfiyyətinə təsir edir.

Vaqyular xüsusi seçilmiş otlar və buğda ilə qidalanırlar. Heyvanlara gündə üç dəfə  yemək verilir, sonra isə onları stressə qarşı masaj edilirlər. Bu masajlar sayəsində yağ dərinin altında deyil, damarlar vasitəsi ilə ətin içərisinə daxil olur və onu ikiqat dadlı edir. Bu həm də yağın onların bədənində bərabər paylanmasına kömək edir. Həmin inəklərin dəriləri yapon arağı olan sake ilə silinir.

Masaj seansından sonra inəklərə 20 litrə qədər arpa suyu – premium sinfinə məxsus xüsusi pivə içirdilir. Qaranlıq və dar məkanda hərəkətsiz qalmalarına xüsusilə diqqət yetirilən bu heyvanlar nəticədə minimum əzələ, maksimum yağ kütləsi ilə təmin olunurlar. Vaqyu inəklərinə mütəmadi olaraq klassik musiqi də dinlədirlər.

İndi belə cinslər təkcə Yaponiyada yox, Avstraliyada da yetişdirilir. Orada isə onlara bahalı qırmızı şərab içirirlər.

Mərmər ət. Mənbə: commons.wikimedia.org

Mərmər ətin bir kiloqramının qiyməti kifayət qədər yüksəkdir. Əsasən 1000 dollara qədər olur. Dünyanın ən bahalı  bifşteksləri də bu ətdən hazırlanır. Belə bifştekslərin birinin qiyməti 120-300 dollar arasında dəyişir. Qiyməti baha olduğu üçün mərmər ət nazik formada doğranaraq, bir çox yeməklərin yanında kiçik tikə kimi verilir. Belə tikələr Avropada təxminən 100 dollardan aşağı satılmır. Amma delikates, ən yaxşı tikələrin qiyməti min dollara da çata bilər.

İndiyədək Vaqyunun ətini yeyənlərin hamısı ondan daha dadlı ət yemədiklərini söyləyiblər. Zərif və zoğalı rəngli mərmərə bənzər bu ətin tərkibini əsasən zülallar, yağlar, karbohidratlar, mineral duzlar və vitaminlər təşkil edir.

P.S. Bu haqda TarPas kanalı üçün video da hazırlamışdım. Buyurun, izləyin:



Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?