Hatsuyume nədir?

Hər bir xalqın özünə məxsus olan müxtəlif cür inancları var. Yaponların da özlərinə xas olan bir sıra inancları var ki, onlardan biri ilə TarPas kanalının hazırladığı bu videoda tanış ola bilərsiniz.

Yapon mədəniyyətində yeni ildə, yəni yanvarın 1-dən 2-nə keçən gecə görülən ilk yuxu Hatsuyume adlanır. Yaponların inanclarına görə bu yuxu çox önəmlidir və insanın həmin il üçün ümumi taleyini müəyyənləşdirir. İlin ilk yuxusunda Fuci dağını, şahin quşunu və ya badımcan görmək, bundan da ən gözəli isə yuxuda bunların hər üçünü bir arada görmək yaxşı əlamət sayılır.

Edo dövründən bəri mövcud olan bu xurafatın dəqiq mənşəyi bəlli olmasa da yaponlar inanırlar ki, belə yuxu onlara ilboyu şans gətirəcək.

Niyə məhz Fuci dağı, şahin quşu və badımcan? Bu inanc Edo dövründən bəri mövcud olsa da mənşəyi ilə bağlı müxtəlif fərziyyələrə görə izahları da fərqlidir. Ehtimallardan biri belədir ki, Fuci dağı Yaponiyadakı ən yüksək dağdır, şahin ağıllı və güclü bir quşdur, badımcan isə ən bahalı tərəvəzdir.

Bu yuxu ilə bağlı ən inandırıcı versiya isə bir sıra mənbələrə görə əsasını 1543-1616-cı illərdə yaşamış Tokuqava İeyasunun indiki Şizuoka prefekturası ərazisində o vaxt mövcud olmuş Suruqa əyalətində olduğu zaman söylədiyi fikirdən götürür. Mövsümün ilk badımcanların qiymətini öyrənən Tokuqava çox təəccüblənir və deyir ki, “Onun əyalətində badımcandan daha bahalı, daha yüksək yalnız Yaponiyadakı ən hündür dağ olan Fuci dağı və şahinlərin məskunlaşdığı Aşitaka dağıdır.”

Bu inancı həmin sözlərin səslənməsi ilə də əlaqələndirirlər. Belə ki, yapon dilində olan “fuci” sözü “firavanlıq”, “şahin” kimi dilimizə tərcümə edilən “taka” “yüksək”, “bahalı” və “badımcan” kimi dilimizə tərcümə edilən “nasu” “həyata keçmək” anlamında olan mənalarda da ifadə edilirlər. Qeyd edim ki, bu üç söz birlikdə “İçi-Fuci, Ni-Taka, San-Nasubi” formasında ifadə olunur.

P.S. Bu mövzuda TarPas kanalı üçün hazırladığım videoya da baxa bilərsiniz:



Yorumlar

Ən məşhur yazılar

Bu gün Krujeva Toyumuzdur

Qubanın ən qədim məscidləri - Əbu Müslim məscidlərinin tarixinə dair mülahizələr

Buduqlu General vəfat etdi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

14 şəhidimizdən biri olan "İşçi Nəbiyev" kimdir?